“Qorxuram ki, mən ölsəm siz də ölərsiniz”| Gendən gələn mərdlik, ana sevgisi, qoşa məzar hekayəsi – REPORTAJ (FOTOLAR)

2024/02/65-1709211582.jpg
Oxunub: 1795     16:47     29 Fevral 2024    
Düz 30 ildir ki, hava şəraitinin necə olmasından asılı olmayaraq hər səhər eyni yolu gedib gəlir. Uşaqdan böyüyə kimi hamı onu səhərin erkən saatlarında görməyə adət edib. Hər səhər evdən elə çıxır ki, günəş şüalarını övladlarının yanında qarşılasın. Münəvvər ananı heç kimsə bu yolu getməkdən çəkindirməyib. Daha doğrusu buna cürət edən belə olmayıb. Odur ki, hamı onun evdə olmadığı vaxtlarda hara getdiyini yaxşı bilir.

Ordu.az saytı bu dəfə Azərbaycan Ordusu sıralarında xidmət edən 2 oğlunu bir gündə itirən Münəvvər ana haqqında olan yazını Sizə təqdim edir.

Qoşa məzar hekayəsi


Münəvvər ana barəsində yazmaq o qədər də asan deyil. Bir Azərbaycan qadınına xas olan bütün müsbət keyfiyyətlərin cəm olduğu nadir analarımızdan biridir Münəvvər ana. Bir ana övladının təkcə cismani deyil, həm də ruhən yaşaması üçün əlindən gələni edəndir. Övladı saat neçədə durar, neçədə idman edər, yeməyini saat neçədə yeyər, hansı yeməklərdən xoşu gələr, ən çox hansı dəb geyimi xoşlayar, daha çox nədən xoşu gələr və ya nələrdən xoşlanmazdı. Bütün bu xarakterlərə əməl edərək, sanki oğlanları həyatdaymış kimi uzun illərdir davranmaq bir növ övladlarının cismani olmasa da ruhən yaşatmağa çalışması əsl ana duyğularının ən üstün xüsusiyyətlərindən biridir. Bax, budur Münəvvər ananın illərdir yaşadığı günlər…

Ananın qoşa məzarla söhbəti, duyğusal anlar

Onun üçün yenə adi günlərdən biridir. Hər gün olduğu kimi getdiyi eyni yol, eyni məkandır. İllər ötdükcə qəbristanlıqda artan məzarlar əvvəllər birbaşa getdiyi cığırların səmtini dəyişmişdi. Qəbirlərin arasından asta addımlarla hərəkət edir. Əvvəllər ziyarətə gəldiyi qoşa məzarların yanında indi bir baş daşı da vardı. Hər gün olduğu kimi bu dəfə də illərdir alışdığı vərdişini pozmadı. Qəbirlərin ətrafında çəkilən dəmir barmaqlıqlardan tutub bir müddət soyuq daşdan ona dikilən nəzərlərə diqqət kəsilir. Sanki, bu soyuq daşlardan süzülüb gələn donmuş baxışlarla xəyali söhbət edir. Bir müddət dayanıb kiçik dəmir qapını açaraq dəmir hasarın içərisinə daxil olur. Böyük oğlu Vüqarın şəklini sığallayıb “Can a bala, narahat olma mən yenə gəldim ay Vüqar” deyə sakitcə pıçıldayır. Sanki oğlunun saçlarını sığallayırmış kimi bir müddət baş daşını oxşayıb əzizləyir. Daha sonra digər məzar daşına yaxınlaşaraq “Məni bağışla ay Araz, ölüm mənimdir ay oğul” deyə, eyni sakitliklə mərmərin üzündəki şəkilə sığal çəkir. Başını sol çiyni üstünə əyərək bir müddət ona baxan oğlunun rəsminə diqqət kəsilir. Daha sonra, asta-asta digər baş daşına çönüb, sakit baxışlarla ona baxan həyat yoldaşına baxır. Sol əlilə rəsmin üzünə sığal çəkib, eyni sakitliklə “Niyə məndən qabağa düşdün. Axı sənə demişdim ki, bu yeri mən özümə saxlayıram. Niyə?” deyə ərkyana bir tərzdə sanki həyat yoldaşına şirin bir irad bildirir.


Beləcə, Münəvvər ananın ailə üzvüləri ilə olan pıçıltılı söhbətini bir neçə dəqiqəlik sakit axan göz yaşları əvəz edir. Əlində olan əsanı bir kənara söykəyərək su gətirib məzar daşlarını təmizləyir. Münəvvər ana sanki, ətrafda başqalarının olduğunu unutmuşdu. Öz xəyal dünyasında olan ana, ailə üzvüləri ilə danışır, onlara gah layla çalır, gah da dərindən köks ötürüb “Sənə şükür olsun ya Rəbb verdiyinə də, aldığına da, bu gününə də şükürlər olsun” deyir. Onu fikir dünyasından ayırmadıq. Öz aləmilə baş-başa qalan Münəvvər ana nəhayət bizə çönüb “Deyəsən sizi çox gözlətdim a bala eləmi? Siz Allah haqqınızı halal edin” deyə üzürxahlıq edir. Açığı ananın bu sözlərindən çox utandım. Əslində ondan hallalıq istəyəcək olan bizlərdən Ana halallıq istəyirdi.

Zabit olmaq istəyi, reallaşan arzu

Münəvvər ana ilə söhbət edirik. Övladlarının hərbiyə olan istəklərindən danışır. Ana Vüqar və Arazın kiçik yaşlarından söz açır. Deyir ki, hələ Vüqar az yaşları olandan əsl kişi xarakterlərinə uyğun olan əşyalara maraq göstərib. Bu xüsusiyyətini təsadüfən sezib. Belə ki, kiçik yaşları olan vaxtı ad günündə bir neçə oyuncaq alınır. Oyuncaqlar içərisində Vüqarın ən çox maraq göstəridiyi isə nisbətən ağır olmasına baxmayaraq başında işıq yanan “tapança” olur. İllər ötüb yaşa dolduqca hərbi sənətinə olan marağı da artan Vüqar hərbiçi olmaq istəyini valideynlərdən gizlətmir. Ana deyir ki, oğlunu hərbiçi görmək elə onun da arzusu olub. Odur ki, oğlu Vüqara dəstək olub. Onun öz sevdiyi sənətə sahiblənməsini istəyib. Elə bu istəklə də Vüqar 1987-ci ildə Stavropol Ali Hərbi Rabitə Mühəndisləri məktəbinin rabitə mühəndisi fakultəsinə daxil olur. Məktəbi bitirən Vüqarı Rusiya şəhərlərindən birinə təyinatla göndərsələr də, o, bundan imtina edərək Azərbaycana gəlir. O, vaxt yeni yaradılan müdafiə nazirliyinə gedərək xidmət etmək istəyini bildirir.

Gərgin zəhmət, möhkəm təməl, real nəticə


Vüqar İspəndiyar oğlu İbrahimov 1984-cü ildə Sabirkənd kənd orta məkətbin 7-ci sinifin bitirdikdən sonra, C. Naxçıvanski adına xüsusi təyinatlı orta məktəbə daxil olur. 1987-ci ildə buranı bitirdikdən sonra Stavropol Ali Hərbi Rabitə Mühəndisləri Məktəbinə daxil olur. O, bu məktəbdə təhsil aldığı illərdə kiçik qardaşı Araz da bu hərbi məktəbədə təhsil almaq üçün Stavropola gedir. Bu o vaxta təsdadüf edir ki, artıq ermənilər Qarabağda tam fəallaşmış, bir neçə yaşayış məntəqələrimizdə dinc sakinlərin kütləvi qətliamları törədilmiş, kənlərimiz işğal olunmuşdu. O, hərbi məktəbdə bir neçə imtahanı uğurla verir. Növbəti imtahanların birindən kəsilən Araz məktəbin rəhbərliyinə ciddi etiraz edir. Aldığı cavabda isə Araza bildirilər ki, bu məktəb artıq digər respublikalardan və konkret olaraq Azərbaycandan məzun qəbul etmir. Elə imtahadan müəllimlərin kafi qiymət verməsi də bununla bağlıdır. Aldığı cavabdan sonra Araz geri qayıdaraq Azərbaycan milli ordu sıralarına yazılır. Bir müddətdən sonra o da Gədəbyədə yeni yaradılan hərbi hissəyə göndərilir. Araz Gədəbəyə gələnədə qardaşı Vüqar İbrahimov artıq hərbi hissənin rabitə xidmətində uğurlu işlər aparmışdı. Bu hərbi hissə yeni yaradılmasına baxmayaraq nizami rabitə sisteminin qurulduğu ilk hərbi hissə olub. Beləliklə də, rabitə sisteminin yüksək səviyyədə qurulması, Gədəbəyin Ermənistanla sərhəd bölgələrində, xüsusilə də Başkənd əməliyyatı zamanı bölüklərin bir-birlərilə əlaqələrinin saxlanılmasında Vüqarın qurduğu sistemin böyük rolu olub.

“Mən onun müsbət nəticə verən işiylə fəxr edirdim”

Münəvvər ana deyir ki, Vüqarın uğurlarını eşitdikcə qürur hissi keçirir: “Hərdən bir evə gəlirdi. Az hallar olardı ki, gələndə rahat oturub bir stəkan çay içə. Çox narahat qalırdım. Onun bir xüsusiyyətidə vardı. Bir işi görəndə onun tam hazır olmasını görməyincə rahat ola bilmirdi. Nə yemək yeyir, nə də bir stəkan su içirdi. Hərdən zabit yoldaşlarıyla gələndə o qədər sevinirdim ki, onların ən azından bir rahat yemək yediklərini görürdüm. Mənə belə hallarda təsəlli verən təkcə oğlumun mənim yanımda rahat yemək yeməsi yox, həm də tabeliyində olan əsgərlər üçün ev yeməkləri aparması olurdu. Onun evə gəlişində, nə vaxtkı bir neçə saat vaxtı olurdusa, o zaman evimizdə iki qazan asılırdı. Biri evdə onlar üçün, digəri də əsgərlər üçün aparılırdı. Bilirsənmi ay oğul belə olanda da nə qədər rahat olurdum. Elə bil ruhum dinclik tapırdı ki, əsgərlər ovaxtkı qıtlıq dönəmində heç olmasa bir dəfə rahat yemək yeyəcəklər”.


Münəvvər ana onu da deyir ki, Vüqar və Araz tay-tuşları arasında boy-buxunları ilə seçiliblər. Onları hərbi geyimdə görəndə hər zaman ürəyində bir fəxarət hissi yaşayıb. Deyir ki, “hərbi geyim onlara çox yaraşırdı. Hər zaman elə düşünürdüm ki, toylarında belə onları hərbi geyimdə görəcəm. Nədənsə nə Vüqarı, nə də Arazı mülki geyimdə təsəvvür edə bilmirdim. Uşaqların hərbiyə olan bu maraqları da təsadüf deyil bilirsinizmi” deyən Münəvvər ana böyüklərinin müharibəyə getmələrindən söz açır.

“Mənim əmim İbrahimov İbrahim Məhəmmd oğlu 1941-ci ildə müharibəyə könüllü gedir. Birdən düşünərsiniz ki, o zaman çox adam könüllü gedib, buna razıyam. Amma onu deyim ki, İbrahim əmimin o vaxtı müharibədən qalmaq üçün icazəsi olub. Ona dövlət tərəfindən bron verilsə də, buna qəti etiraz edərək müharibəyə yollanır. 1943-cü ildə ailəsinə gələn məktubda döyüşlərdən birində itgin düşdüyü xəbər verilir. Mənim qardaşım da İbrahimov Məhəmməd Əhməd oğlu o vaxtlar Gəncə tibb kollecində təhsilini yarımçıq qoyaraq 1941-ci ildə 17 yaşında könüllü müraciət edərək dünya müharibəsinə yollanır. Müharibə bitdikdən sonra Dəllər kəndində bir nəfər ailəmizə gələrək qardaşımla 1945-ci ilin 8 may tarixinə qədər bir yerdə olduqlarını dedi. Ən ürək ağrıdan isə odur ki, qardaşımın saatını ailəmizə verərək dedi ki, Məhəmməd saatı ayrılmadan bir neçə saat əvvəl ona verərək bu sözləri bildirib: “Əgər mənə nəsə olsa, sağ qalsan bunu ailəmə çatdırarsan”. Uşaqlar həmişə əmimin və qardaşımın sorağıyla böyüyüb. Hərbi sənətinə sevgi övladlarımın genində var. Bu, elə bu gündə davam edir. Kiçik oğlum böyük qardaşlarının yolunu davam etdirərək hərbiçi olmağa qərar verdi. Mən Vüqarda necə olmuşdusa buna da eynilə xeyir-dua verdim. Hazırda da xidmətini davam etdirir. Bundan əlavə qızımın oğlu, nəvəm Rəşad İbrahimov 44 günlük vətən müharibəsinin iştiraksı olub. Bir çox əməliyyatlarda iştirak edib. Ölkə başçısının sərəncamıyla “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Bu sözlərdən sonra, ananın üzündə xoş bir ifadə yaranır. Əlbəttə ki, bu da səbəbsiz deyil. Axı az öncə özü demişdi ki, onun ailəsində ərənlik, mərdlik, kişilik gendən gəlmədir.


Mən yalnız bundan qorxuram

Artıq geri dönmək vaxtıdır. Hasardan çıxıb titrək əllərilə dəmir barmaqlıqlardan tutaraq geri çönür. Yenə eyni sakit tonda pıçıltıyla danışır. Doğrusu əvvəl yenə layla deməsini düşündüm. Amma heç istəmədən eşitdiklərim tamamilə ruhumu titrətdi: “Getməyimə baxmayın yenə gələcəm. Siz yaşayasınız deyə mən də yaşayıram. Qorxuram ki, mən ölsəm siz də ölərsiniz”. Açığı daha sözün aciz qaldığı an idi. Nə özümdə toparlanacaq güc, nə də ananı təsəlli etməyə söz belə tapa bilmədim.

1994-cü ilin dekabr ayının 21-dir. Bir neçə aydır ki, rəsmi atəşkəs elan edilməsinə baxmayaraq ermənilərin dövlət sərhədi boyunca ara-sıra təxribat xarakterli həmlələri olur. Bu cür həmlələrin birində ön xətdə xidməti tapşırığın yerinə yetirilməsində Vüqarla bərabər qardaşı Arazda iştirak edir. Postlarda rabitə xidmətinin sazlığını yoxlayıb qərargaha dönürlər. Artıq qərargaha çatmağa az bir məsafə qalır. Axşamdan aramsız yağan qar səbəbilə avtomobil yolları buz bağlayıb. Bəzi yerlərdə don açılsa da, körpüyə tərəf enən yolda avtomobili idarə etmək mümkün olmur. Buzlu yolda sürüşən QAZ 66 markalı avtomobil təxminən 20 metr hündürlükdən dərəyə aşır. Həmin qəza zamanı təəssüf ki, Azərbaycan ordusu 4 mənsubunu itirir. Onlardan Araz İbrahimov, Vasif İsmayılov və Şahin Hüseynov hadisə yerində, Vüqar İbrahimov isə yerləşdirildiyi xəstəxanda bir gündən sonra dünyasını dəyişir.

Allah Şəhidlərimizə Rəhmət Eləsin!

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Araz-İbrahimov   Vüqar-İbrahimov   Şəhid  


Bizi "telegram"da izləyin